Haqqımızda

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında” yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.

Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir.

Agentliyin fəaliyyəti üçün “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır.

Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılaraq aparılır.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.

AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.