Qaz təchizatı

Qaz təchizatının dayandırılması nə zaman baş verir?

  • Qaz paylayıcısı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:

    • istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
    • təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
    • istehlakçının qaz qurğusu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;  
    • qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
    • qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanmadıqda;
    • istehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
    • FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və/və ya bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;
    • məhkəmənin qərarı ilə;
    • dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
İstehlakçıya qazın verilməsinin dayandırılması hansı qaydada həyata keçirilir?

  • İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişməsi qazın verilməsinin dayandırılmasına səbəb olurmu?

  • Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Qazlaşdırılmış obyektin mülkiyyətçisi/istifadəçisi dəyişdikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi/istifadəçisi dəyişdiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir.

Qaz xəttinin çəkilişi necə tənzimlənir?

  • “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərindən alınmış texniki şərt əsasında hazırlanmış və aidiyyatı dövlət qurumlarında qeydiyyatdan keçmiş layihə-smeta sənədləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri sifarişçinin vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilir.

Qaz qurğu və avadanlıqlarının yerinin dəyişdirilməsi və ya quraşdırılması necə baş verir? 

  • İstehlakçıların istifadəsində olan qaz qurğu və avadanlıqlarının yerinin dəyişdirilməsi və ya quraşdırılması obyektin qazlaşdırma layihəsinə uyğun həyata keçirilir.

Qaz sızması zamanı qaz təzyiqi aşağı olduqda, sayğacın dəyişdirilməsi və ya işləməməsi halında nə edilməlidir?

  • Dərhal “Azəriqaz” İB-nin “104” və ya “185” saylı qaynar xətlərinə müraciət edilməlidir.

Qaz sayğacı kimin hesabına quraşdırılır?

  • Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Ödənişsiz qaz xəttinin çəkilməsi mümkündürmü?

  • Dövlət proqramında qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrində fərdi yaşayış evlərinin qazlaşdırılması ödənişsiz həyata keçirilir.

Ərazinin qazlaşdırılması necə baş verir?

  • “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə, dövlət vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

Smart tipli qaz sayğacı əldə etmək, kart bloka salındıqda, tikinti obyektlərinin, o cümlədən fərdi evlərin və MTK-nın qazlaşdırılması üçün nə etmək lazımdır?

  •  “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etmək lazımdır.

Qeyri-standart cihazlardan istifadə etmək olarmı?

  • “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununa əsasən, qanunvericiliyə uyğun qaydada sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək qadağandır.

Qaz xəttinin yerinin dəyişdirilməsi mümkündürmü?

  • Bunun üçün “Azəriqaz” İB-yə müraciət etmək lazımdır.

Qaz təchizatı sahəsində illik istehlak limiti nə qədərdir?

  • Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarına əsasən, 2019-cu ilin may ayından etibarən, əhali istehlakçıları üçün illik istehlak həcminin 2200 m3-dək (2200 m3 daxil) olan hissəsi üçün bir kubmetrin dəyəri 0,10 AZN, illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün isə 0,20 AZN təşkil edir. Qeyri-əhali istehlakçıları üçün təbii qazın bir kubmetrinin dəyəri 0,20 AZN-dir. Əhali istehlakçı qrupu ilə 01.01.2019-cu il tarixdən 30.04.2019-cu il tarixədək olan hesablaşmalar bu qərara əsasən müəyyən edilən təbii qazın illik istehlak həcmi nəzərə alınaraq həyata keçirilməlidir.

Tikinti obyektlərinin qazlaşdırılması layihələrinin razılaşdırılması və istismara qəbulu necə tənzimlənir?

  • “Qazdan istifadə Qaydaları”nın  tələblərinə əsasən, müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-nin və EN-nin səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir.