Texniki normativ tənzimləmə

Elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına görə kim məsuliyyət daşıyır?

  • “Elektrik enerjisindən istifadə Qaydaları”nın (EEİQ) 10.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyərsə, enerjitəchizatı müəssisəsi istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.

Elektrik xətlərində yaranmış problemlər necə aradan qaldırılır?

  • İstehlakçı xəbərdarlıq aldıqdan sonra bir sutka müddətində elektrik enerjisi verilişində fasilələrin vaxtını razılaşdırmadıqda, enerjitəchizatı müəssisəsi bu vaxtı özü müəyyən edə bilər. Elektrik enerjisinin fasilələri imkan daxilində istehlakçının iş vaxtından kənar vaxtlarda, onu açılmaya qədər 24 saat əvvəl xəbərdar etməklə aparılmalıdır. Enerjitəchizatı müəssisəsi yaranmış problemi təcili həll edib enerji təchizatını bərpa etməlidir.

İstehlakçının (o cümlədən, məişət abunəçisinin) elektrik enerjisi ilə təmin edilməsi necə tənzimlənir?

  • “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.1-ci bəndinə uyğun olaraq, sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması enerjitəchizatı müəssisəsi (ETM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

Bir aydır ki, evimin sayğacını “işıq idarəsinin” nümayəndələri təmirə aparıblar. Bu dövr üçün işıq haqqı necə hesablanacaq?

  • “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-ci bəndinin tələblərinə əsasən, istehlakçının, o cümlədən məişət abunəçisinin təqsiri olmadan qeydiyyat müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən, qeydiyyat pozulana qədər və ya qeydiyyat bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun olaraq aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma-elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

Sayğacı quraşdıran hansı təşkilatdır?

  • Sayğaclar ancaq enerjitəchizatı müəssisələri tərəfindən quraşdırılır və istismara götürülür. Abonentə yeni sayğacın quraşdırılması və istismara verilməsi haqqında akt təqdim edilir.

Sayğac və qeydiyyat cihazlarının işçi vəziyyətdə saxlanmasına görə kim məsuliyyət daşıyır?

  • EEİQ-nın 7.11-ci bəndinə uyğun olaraq, “Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma-elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

Abonentin enerjitəchizatı müəssisəsinə yaranmış borcuna görə hansı tədbirlər görülür?

  • ETM tərəfindən bir ay əvvəldən xəbərdarlıq edilməklə abonentin enerji təchizatı dayandırılır.

Texniki şərtin icrası ilə əlaqədar “Azərişıq” ASC tərəfindən təqdim olunmuş smeta nə dərəcədə həqiqətə uyğundur?

  • İstehlakçı enerjitəchizatı sahəsində lisenziyası olan  istənilən müəssisə ilə müqavilə bağlayıb smeta hesablamaqla işlərini görə bilər.

EVX-də dayaqlar istismara yararsız hala düşdükdə, onların yenisi ilə əvəz edilməsi və ya təhlükəsizlik baxımından yerinin dəyişdirilməsi necə tənzimlənir?

  • Xətt enerjitəchizatı müəssisəsinin balansında olarsa, dayağın yenisi ilə əvəz olunması ETM tərəfindən təmin olunmalı, yerinin dəyişdirilməsi isə qarşılıqlı razılaşma yoli ilə həll edilməlidir.

Enerjitəchizatı müəssisəsi elektrik qurğu və avadanlıqlarının təhlükəsiz istismarına cavabdehdirmi?

  • Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəyə, elektrik enerjisi üzrə alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.

Enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçıya artıq sərfiyyat yazılıbsa, bu məsələ necə həllini tapır?

  • Enerjitəchizatı müəssisəsinin günahı ucbatından artıq sərfiyyat yazılıbsa, istehlakçının növbəti ayların sərfiyyat hesabından bu məbləğ çıxılmalıdır.

Qəsəbədə işıq çox zəifdir və bu halı yaxşılaşdırmaq üçün transformator quraşdırılmalıdır. Bununla bağlı xərcləri kim ödəməlidir və hara müraciət etmək olar?

  • Qəsəbə sakinləri adından müvafiq rayonun enerjitəchizatı idarəsinə rəsmi müraciət olunmalıdır. Bütün xərclər  enerjitəchizatı müəssisəsi tərəfindən həyata keçirilir.

Elektrik qurğularını hesablaşma-qeydiyyat cihazı olmadan şəbəkəyə qoşmaq olarmı?

  • Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abunəçinin və subabunəçinin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma-qeydiyyat cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.

Enerjitəchizatı müəssisəsi güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar istehlakçıya məhdudiyyət qoya bilərmi?

  • Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiqetmə hüququna malikdir.

Məişət abunəçiləri ilə elektrik enerjisinə görə hesablaşmalar necə aparılmalıdır?

  • Məişət abunəçiləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünə xidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır.

Üçfazalı sayğac hansı abunəçilər üçün quraşdırıla bilər?

  • Üçfaza işlədiciləri olan istehlakçılara bu sayğaclar quraşdırılmalıdır.

Həyət evim Yasamal rayonu ərazisindədir, amma Nəsimi rayonu işıq idarəsi evimə daha yaxındır. Mən, abunəçi olaraq Nəsimi rayonunun işiq idarəsinə müraciət edib şəbəkəyə qoşula bilərəmmi?

  • “ASAN Xidmət”, “ASAN Kommunal” mərkəzlərinə və ya Yasamal rayonu Enerji təchizatı və satışı idarəsinə rəsmi müraciət etməklə mümkündür.

Elektrik sayğacı sıradan çıxanda “işıq idarəsinin” əməkdaşları onu aktlaşdırıb laboratoriyaya göndərdilər. Araşdırmadan sonra bizə borc yazıldı, bu borc nəyə əsasən hesablanır?

  • “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-ci bəndinin tələblərinə əsasən, istehlakçının, o cümlədən məişət abunəçisinin təqsirindən hesablaşma-elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda, təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma-elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abunəçisinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abunəçisinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma-elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

Blokun bütün abunəçilərinin sayğacları binanın birinci mərtəbəsində quraşdırılıb. Həmin sayğacların sıradan çıxmasına görə kim məsuliyyət daşıyır, abunəçi, yoxsa komendant?

  • “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinin tələblərinə əsasən, yaşayış binasının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma-elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işgüzar vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İstisna hal kimi, yeni tikilən çoxmərtəbəli binalarda ümumi sayğac MTK-nın adına qeydiyyata alınır və bu halda abonentlərə MTK tərəfindən quraşdırılan sayğaclara enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır.

Bir ünvanda yerləşən həyət evinə iki sayğac quraşdırmaq üçün kimə və hara müraciət etmək lazımdır?

  • “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən, hər bir ünvana evin sahibinin adına vəevin mülkiyyət sənədinə əsasən, bir sayğacın quraşdırılmasına icazə verilir.