Azərbaycanda elektrik enerjisinin inkişaf tarixi

Azərbaycanda elektroenergetikanın inkişaf tarixi 1897-ci ildə Azərbaycan çar Rusiyasının tərkibində olarkən Bakıda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyasının inşa olunması ilə başlamışdır. Bu stansiyanın istehsal etdiyi elektrik enerjisi əsasən sənaye tələbatının ödənilməsinə yönəldilmiş, cüzi bir hissəsi isə işıqlandırmaya sərf olunmuşdur.

1901-ci ildə gücü 2000 at qüvvəsi olan “Bibiheybət” elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər) gücü 2000 at qüvvəsi olan elektrik stansiyası istismara verildi. 1913-cü ildə Bakıda 109,8 min kVt. saat elektrik enerjisi istehsal edilirdi ki, onun da 95 %-i neft sənayesinə, yalnız 5 %-i ölkənin işıqla təminatına yönəldilmişdi.

Rus-bolşevik işğalından sonra azsaylı elektrik müəssisələri milliləşdirilmişdi. Sosialist inqilabından sonra Şəki şəhərində ipək-toxuculuq sənayesinin inkişafı ilə əlaqədar gücü 1660 kVt olan Şəki Su Elektrik stansiyasının (SES) layihələndirilməsi işi başa çatdırıldı. Qubada konserv zavodunun tikintisi ilə əlaqədar olaraq, gücü 1152 kVt olan SES-in tikintisinə start verildi. Zurnabad, Qusar SES-ləri də həmin dövrdə tikilib istifadəyə verildi.

1935-ci ildə elektrik stansiyalarının ümumi gücü 176,6 MVt-a, elektrik enerjisinin istehsalı isə 937 min kVt. saata çatdırıldı. Həmin ildə ölkənin baş energetika idarəsi (indiki “Azərenerji”) yarandı və respublikada fəaliyyət göstərən bütün energetika müəssisələri onun tabeliyinə verildi.

XX əsrin 40-cı illərində dərin neft quyularının qazılması və istismarı planlaşdırılmış, bu isə elektrik enerjisinə olan tələbatın artması ilə nəticələnmişdi. Bunu nəzərə alaraq, 1940-cı ildə Azərbaycan SSR-də fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü 250 MVt-a, elektrik enerjisinin istehsalı isə 1,7 mlrd. kVt. saata çatdırıldı. 1941-ci ildə isə Azərbaycanda ilk istilik elektrik stansiyası olan 1 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi istismara verildi.

Azərbaycanda alternativ enerji mənbələrinin daha geniş istifadəsi Mingəçevir SES-in tikintisi ilə başlamışdır. Tikintisi Kür çayı üzərində nəzərdə tutulan bu elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxıldı.

1959-cu ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) Avropada ilk dəfə olaraq əsas avadanlıqları açıq havada quraşdırılan, böyük gücdə olan Əli-Bayramlı Dövlət Rayon Elektrik Stansiyası tikildi. Elə həmin illərdə Sumqayıt sənaye rayonunun istilik və elektrik enerjisinə artmaqda olan tələbatını ödəmək məqsədilə 2 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin (2 saylı Sumqayıt İEM) tikintisinə başlanıldı.

1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildi. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu.

Sovet İttifaqının süqutundan sonra Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində işlər aparıldı.

Bunun nəticəsi kimi tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılmasını qeyd etmək olar. Avropa Yenidənqurma və İnkişaf Bankının Yenikənd SES-in inşası məqsədilə 53,2 milyon ABŞ dolları məbləğində kredit ayırması və respublika energetiklərinin və inşaatçıların gərgin əməyi nəticəsində 2000-ci ilin dekabr ayında həmin SES istifadəyə verildi.

Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirildi: 1996-cı ilə "Enerji resurslarından istifadə haqqında", 1998-ci ildə "Energetika haqqında" və "Elektroenergetika haqqında", 1999-cu ildə isə "Elektrik və istilik stansiyaları haqqında" qanunlar qəbul edildi. Eyni zamanda, 2005-ci ildə Nazirlər Kabineti tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları” təsdiq edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.

MDB məkanında ilk dəfə olaraq, gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal” ES-in istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 860 MVt olan 7 modul tipli elektrik stansiyalarının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoydu.

2009-cu ildə Sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir ES-in istifadəyə verilməsi ilə yanaşı, eyni tipli, gücü 780 MVt olan “Cənub” ES 2013-cü ildə istismara verildi. Beləliklə, on il ərzində Azərbaycan energetika sisteminin generasiya gücü 40%-ə yaxın yeniləndi.

12 il müddətində 3 min meqavat gücündə 15 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların ümumi sayının 32-yə (bunlardan 15-i İES, 17-i isə SES-lərdir), ümumi generasiya gücünün 7150,6 meqavata çatdırılması, ölkənin enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi energetika sənayesində həyata keçirilən iqtisadi siyasətin bariz nəticələridir.

Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli Sərəncamı ilə oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur. Bu tarix 1981-ci ildə “Azərbaycan” İES-in istifadəyə verilməsi ilə əlaqədar təyin edilmişdir.