Azərbaycanda elektroenergetikanın inkişaf tarixi

XIX əsrin sonu XX əsrin başlanğıcı

Azərbaycanda elektroenergetikanın inkişaf tarixi 1897-ci ildə Azərbaycan çar Rusiyasının tərkibində olarkən Bakıda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyasının inşa olunması ilə başlamışdır. Bu stansiyanın istehsal etdiyi elektrik enerjisi əsasən sənaye tələbatının ödənilməsinə yönəldilmiş, cüzi bir hissəsi isə işıqlandırmaya sərf olunmuşdur.

1901-ci ildə gücü 2000 at qüvvəsi olan “Bibiheybət” elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər) gücü 2000 at qüvvəsi olan elektrik stansiyası istismara verildi. 1913-cü ildə Bakıda 109,8 min kVt. saat elektrik enerjisi istehsal edilirdi ki, onun da 95 %-i neft sənayesinə, yalnız 5 %-i ölkənin işıqla təminatına yönəldilmişdi.

Sovet hakimiyyətinin ilk illəri

Rus-bolşevik işğalından sonra azsaylı elektrik müəssisələri milliləşdirilmişdi. Sosialist inqilabından sonra Şəki şəhərində ipək-toxuculuq sənayesinin inkişafı ilə əlaqədar gücü 1660 kVt olan Şəki Su Elektrik stansiyasının (SES) layihələndirilməsi işi başa çatdırıldı. Qubada konserv zavodunun tikintisi ilə əlaqədar olaraq, gücü 1152 kVt olan SES-in tikintisinə start verildi. Zurnabad, Qusar SES-ləri də həmin dövrdə tikilib istifadəyə verildi.

1935-ci ildə elektrik stansiyalarının ümumi gücü 176,6 MVt-a, elektrik enerjisinin istehsalı isə 937 min kVt. saata çatdırıldı. Həmin ildə ölkənin baş energetika idarəsi (indiki “Azərenerji”) yarandı və respublikada fəaliyyət göstərən bütün energetika müəssisələri onun tabeliyinə verildi.

XX əsrin 40-cı illərində dərin neft quyularının qazılması və istismarı planlaşdırılmış, bu isə elektrik enerjisinə olan tələbatın artması ilə nəticələnmişdi. Bunu nəzərə alaraq, 1940-cı ildə Azərbaycan SSR-də fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü 250 MVt-a, elektrik enerjisinin istehsalı isə 1,7 mlrd. kVt. saata çatdırıldı. 1941-ci ildə isə Azərbaycanda ilk istilik elektrik stansiyası olan 1 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi istismara verildi.

Enerji mənbələrinin daha geniş istifadəsi

Azərbaycanda alternativ enerji mənbələrinin daha geniş istifadəsi Mingəçevir SES-in tikintisi ilə başlamışdır. Tikintisi Kür çayı üzərində nəzərdə tutulan bu elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxıldı.

1959-cu ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) Avropada ilk dəfə olaraq əsas avadanlıqları açıq havada quraşdırılan, böyük gücdə olan Əli-Bayramlı Dövlət Rayon Elektrik Stansiyası tikildi. Elə həmin illərdə Sumqayıt sənaye rayonunun istilik və elektrik enerjisinə artmaqda olan tələbatını ödəmək məqsədilə 2 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin (2 saylı Sumqayıt İEM) tikintisinə başlanıldı.

1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildi. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu.

Müstəqil Azərbaycanın enerji sektoru

Sovet İttifaqının süqutundan sonra Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində işlər aparıldı.

Bunun nəticəsi kimi tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılmasını qeyd etmək olar. Avropa Yenidənqurma və İnkişaf Bankının Yenikənd SES-in inşası məqsədilə 53,2 milyon ABŞ dolları məbləğində kredit ayırması və respublika energetiklərinin və inşaatçıların gərgin əməyi nəticəsində 2000-ci ilin dekabr ayında həmin SES istifadəyə verildi.

Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirildi: 1996-cı ilə "Enerji resurslarından istifadə haqqında", 1998-ci ildə "Energetika haqqında" və "Elektroenergetika haqqında", 1999-cu ildə isə "Elektrik və istilik stansiyaları haqqında" qanunlar qəbul edildi. Eyni zamanda, 2005-ci ildə Nazirlər Kabineti tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları” təsdiq edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.

2009-cu ildə Sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir ES-in istifadəyə verilməsi ilə yanaşı, eyni tipli, gücü 780 MVt olan “Cənub” ES 2013-cü ildə istismara verildi. Beləliklə, on il ərzində Azərbaycan energetika sisteminin generasiya gücü 40%-ə yaxın yeniləndi.

12 il müddətində 3 min meqavat gücündə 15 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların ümumi sayının 32-yə (bunlardan 15-i İES, 17-i isə SES-lərdir), ümumi generasiya gücünün 7150,6 meqavata çatdırılması, ölkənin enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi energetika sənayesində həyata keçirilən iqtisadi siyasətin bariz nəticələridir.

"Şimal-2" elektrik stansiyası

2019-cu il sentyabrın 5-də Azərbaycanın elektrik enerjisi sahəsində çox əlamətdar hadisə baş verdi. Bakıda “Şimal-2” elektrik stansiyası istismara verildi.

Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə Prezident Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail oldu. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verildi. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.

Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.

Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerji sisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.

Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.

Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.

Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur.

Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli Sərəncamı ilə oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur. Bu tarix 1981-ci ildə “Azərbaycan” İES-in istifadəyə verilməsi ilə əlaqədar təyin edilib.