Azərbaycanın istilik təchizatı sisteminin inkişaf tarixi

Azərbaycanın istilik təchizatı sisteminin inkişaf tarixi elektrik enerjisi sənayesinin inkişafı ilə bağlıdır. 1902-ci ilin martında istismara verilən “Ağ şəhər” stansiyası 1923-cü ildə “Qırmızı ulduz” adını almış, dəfələrlə genişləndirilən stansiyanın fəaliyyətində vacib mərhələ isə 1937-1939-cu illəri əhatə etmişdi. Bu illərdə stansiyanın gücü müasir qazan aqreqatları avadanlıqlarının quraşdırılması hesabına xeyli artmışdı.

İkinci Dünya müharibəsindən sonra istilik xətlərinin olmaması səbəbindən stansiya bir müddət kondensasiya rejimində işləmişdir. 1950-ci ilin noyabr ayında istilik ayrımlı turbinin sənaye ayrımı istismara verilmiş və bununla da stansiyada kombinə olunmuş istehsal, yəni istilik və elektrik enerjisi istehsal edilmişdir.

İlkin olaraq qonşu neftayırma zavodları buxarla təmin edilmiş və beləliklə, stansiya istilik mərkəzinə çevrilmişdir. Məhz bu dövrdə Azərbaycanda mərkəzləşdirilmiş istilik təchizat sisteminin yaranması dövrü başlamışdır. Əvvəlcə yalnız yaxınlıqda yerləşən neft emalı zavodlarının sənaye məqsədilə buxarla təmin edilməsi nəzərdə tutulsa da sonralar istilik mühəndis kommunikasiyaları şəbəkələrinin genişləndirilməsi hesabına digər tələbatçılar da istilik enerjisi ilə təmin edilməyə başlamışdılar.

Təbii ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemi yaradılana qədər də binalar qızdırılırdı. Şəhərlərin sürətlə inkişaf etməsi, xarici ölkələrdən yüksəksəviyyəli memarlar dəvət etməklə yeni-yeni yaşayış və sosial binaların tikintisi, neft sənayesinin sürətli inkişafı ilə əlaqədar xarici və yerli sahibkarlara məxsus ofis və şirkətlərin yaradılması yeni isitmə formalarının tətbiqini təşviq edirdi.

Həmin dövrdə isə ən geniş yayılan isitmə sistemi bir və ya iki binaya xidmət göstərə bilən və əsasən mazutla işləməsi nəzərdə tutulan lokal və məhəllədaxili istilik qazanxanaları, binalarda quraşdırılmış divar sobaları və digər sobalar olmuşdur ki, onlar da əsasən odun, neft, mazut və digər yanacaqla işləmişlər.

İstilik təchizatının məhz bu forması Bakının gələcək istilik təchizatı sisteminin əsasını qoymuşdur.

Əvvəllər mülk sahiblərinə məxsus olan qazanxanalar sovet hakimiyyəti qurulduqdan sonra yaşayış fondunun idarə edilməsi üzrə müvafiq qurumların tərkibinə verilmişdir. 1965-ci ildə Birləşmiş qazanxanalar və istilik şəbəkələri müdiriyyəti yaradılmışdır. 1977-ci ildə Bakı şəhərində yerləşən istilik təsərrüfatlarının idarə edilməsi Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə yaradılmış “Bakıİstilikşəbəkə” müəssisəsinə həvalə edilmişdir.

Bölgələrdə mövcud olan istilik təsərrüfatlarının idarə olunması isə əvvəllər Kommunal Təsərrüfatı Nazirliyi, onun ləğvindən sonra isə Dövlət Arxitektura Komitəsinin tərkibində fəaliyyət göstərən “İstilikkommunenerjisazlama” Birliyinin səlahiyyətində olmuşdur. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən istilik təchizatı müəssisələrindən əlavə müxtəlif nazirlik və təşkilatların tabeliyində də fəaliyyət göstərən istilik mənbələri mövcud olmuşdur ki, onlar da əsasən həmin nazirlik və təşkilatların balansında olan yaşayış binaları və sosial obyektlərin istilik təchizatını təmin etmək üçün nəzərdə tutulmuşdur.

Ötən əsrin 60-cı illərindən başlayaraq, Bakı şəhərində və digər sənaye şəhərlərində yeni yaşayış massivlərinin salınması ilə əlaqədar yeni isitmə sistemi – yüksək dərəcədə mərkəzləşdirilmiş və həmin dövr üçün müasir tipli qazan aqreqatlarından ibarət olan rayon istilik qazanxanaları sistemini tətbiq etməyə başladılar.

Xüsusilə 1965-1980-cı illərdə ölkənin istilik təchizatı sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Məhz həmin dövrdə Bakı şəhərinin şimal-qərbində gücü saatda 200 Qkal olan 1 saylı RİQ, Qaraşəhərdə gücü 100 Qkal olan 2 saylı RİQ, Dərnəgül yaşayış sahəsində gücü 150 Qkal olan 3 saylı RİQ, Nərimanov sənaye zonasında gücü 150 Qkal olan 5 saylı RİQ, Əhmədli qəsəbəsində gücü 100 Qkal olan 6 saylı RİQ, Günəşli qəsəbəsində gücü 120 Qkal olan 9 saylı RİQ tikilib istifadəyə verilmişdir. RİQ-nın istifadəyə verilməsi ilə əlaqədar 100-dən artıq məhəlli qazanxanalar istismardan çıxarılmışdır. Eyni zamanda, Bakıda 1 və 2 saylı İEM, Sumqayıtda 1 və 2 saylı İEM, Gəngə İEM  istilik təchizatı sistemində əhəmiyyətli rol oynamağa başlamışlar.

Artıq 80-cı illərdə təkcə Bakı şəhərində istilik təchizatının 65%-ə yaxın hissəsi məhz rayon istilik qazanxanaları hesabına həyata keçirilirdi. Bu təsərrüfatların idarə olunması və texniki xidmətin təşkili məqsədilə 1974-cü ildə “Azərenerji”-nin tərkibində saatlıq gücü 50 Qkal-dən yuxarı olan rayon qazanxanalarını, bu qazanxanalardan qidalanan magistral istilik xətləri və müvafiq qazanxana və istilik şəbəkələri avadanlıqlarını özündə cəmləşdirən İstilik şəbəkələri və suqızdıran qazanxanalar müəssisəsi yaradıldı.

“Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli Sərəncamı ilə ölkənin enerji daşıyıcılarına olan tələbatının yaxşılaşdırılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, onların da bir qismi məhz istilik təchizatı ilə bağlı olmuşdur. Həmin sərəncama əsasən, Bakı şəhərində yerləşən istilik təchizatı müəssisələrinin fəaliyyətindəki pərakəndəliyi aradan qaldırmaq  və idarəetməni bir mərkəzdə cəmləşdirmək məqsədilə İstilik şəbəkələri və suqızdıran qazanxanalar müəssisəsi də Bakı İcra Hakimiyyətinin tabeliyinə verilmiş, Bakı şəhərində istilik sistemlərinin bərpası ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2005-ci il tarixli 847 saylı Sərəncamına əsasən, ölkə əhalisinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədilə  “Azəristiliktəchizat” ASC yaradılmış, Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərinin həyata keçirilməsi ona həvalə edilmişdir.