Azərbaycanda qaz sənayesinin inkişaf tarixi

Azərbaycan qaz sənayesi özünün 170 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Bu tarix Azərbaycanda neft tarixi ilə sıx bağlıdır.

1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Dənizdə neft və qazın hasilatının artırılması artıq daha böyük dərinliklərdəki neft və qaz yataqları ilə bağlı idi. İlk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf' tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən və dənizin 80-350 m dərinliklərində yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (“Günəşli”, “Çıraq” və “Azəri”).

Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda, neftayırma zavodlarının yenidən qurulmasına başlandı. Bu dövrdə “Dərin dəniz özülləri” zavodunun Azərbaycanda, Bakıda tikilməsi məqsədilə, o zaman SSRİ-də 450 mln. ABŞ dollarının ayrılması üçün Moskvadan belə bir icazənin alınmasına nail olmaq Heydər Əliyevin böyük səyi nəticəsində mümkün olmuşdu. Zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə müəssisə istismara verildi. 

SSRİ-nin dağılması, müstəqillik dövrü və Azərbaycanın yeni tarixini əhatə edən neft-qaz sənayesinin inkişafının müasir mərhələsi "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir. Heydər Əliyevin qətiyyətli addımları sayəsində 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə xarici dövlətlərin neft şirkətlərindən ibarət konsorsium (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti – ABƏŞ) arasında "Əsrin müqaviləsi” adını almış, 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bununla da, Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirildi.14 sentyabr 2017-ci ildə imzalanmış yeni sazişlə "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi 2050-ci ilə qədər uzadıldı. Yeni saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini və ARDNŞ-in payının 11,6%-dən 25%-dək yüksəldilməsini ehtiva edir. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.