Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:
- enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
- Agentlik və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;
- tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı;
- elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
- kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
- transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
- elektrik veriliş xəttinin sınaq protokolu və qapalı işlər aktı;
- elektrik sayğacının quraşdırılması aktı.
Qeyd: Siyahıdakı sənədlərdən əlavə sahibkarlardan heç bir sənəd tələb olunmur. Layihələrin razılaşdırılması 3 iş günü ərzində, istismara buraxılma isə 5 iş günü müddətində ödənişsiz olaraq həyata keçirilir.