Energetika Nazirliyi və AERA AHK ilə birgə alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Bu gün Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə onlayn görüş keçirilib. Tədbirdə, həmçinin, Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyi (BMWi) və neft və qaz sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Agentliyin İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanda enerji tənzimləmə sahəsinin inkişafı istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib, bərpa olunan enerji, neft və qaz sahəsində mövcud və planlaşdırılan mühüm layihələrdən danışıb. O, həmçinin, müvafiq sahədə Almaniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

AHK Azərbaycanın İcraçı direktoru Tobias Baumann Azərbaycanda biznesin qurulması üzrə əsas şərtlər və investisiya mühiti barədə məlumat verib, eləcə də iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb.

Daha sonra neft və qaz sahələri ilə məşğul olan alman şirkətlərinin təmsilçiləri öz məhsul və xidmətləri haqqında təqdimatlar etdilər və onların inkişaf trendləri, ən son istiqamətlər, tenderlər və əməkdaşlıq imkanlarına dair sualları cavablandırıldı.