EMTA və Ukraynanın Enerji Nəzarəti üzrə Dövlət Müfəttişliyi arasında görüş olub

Press-reliz

İyunun 24-də Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Ukraynanın Enerji Nəzarəti üzrə Dövlət Müfəttişliyi (UENDM) arasında onlayn görüş olub. Görüşün məqsədi iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclası zamanı əldə olunmuş razılaşmalara dair fəaliyyət planının həyata keçirilməsi və təcrübə mübadiləsi çərçivəsində əməkdaşlığın qurulması imkanlarının qiymətləndirilməsi olub.

Əvvəlcə UENDM-in sədri vəzifəsini icra edən Roman Bodnar və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov görüş iştirakçılarını salamlayaraq rəhbərlik etdikləri qurumlar haqqında qısa məlumat veriblər. Qurum rəhbərləri hər iki ölkənin enerji məsələləri sahəsində dövlət nəzarəti üzrə təcrübə mübadiləsinin aparılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qurumlararası münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin vacibliyinə toxunublar.

Roman Bodnar və Samir Axundov energetika sektorunun dövlət nəzarətinin müxtəlif sahələri üzrə qurumlararası təcrübə mübadiləsində maraqlı olduqlarını ifadə ediblər. EMTA-nın İdarə Heyətinin sədri Ukrayna təcrübəsi ilə yaxından tanış olmağın, cari məsələlərə dair praktiki məsləhətləşmələr aparılması üçün mütəxəssislər səviyyəsində görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.  

Daha sonra hər iki tərəfin hazırladığı təqdimatlar dinlənilib.

EMTA-nın mütəxəssisləri təqdimatlar zamanı Agentliyin fəaliyyəti, ölkənin elektrik enerjisi bazarının qanunvericilik və normativ-hüquqi tənzimləmə sistemi, bazar münasibətlərinin formalaşması və sahibkarlıq subyektləri, enerji sənayesində investisiya mühitinin yaxşılaşdırılması, enerji subyektlərinin stimullaşdırılması mexanizminin təşkili, yoxlamalar zamanı monitorinq proseduru və mexanizmi və bazar iştirakçılarının auditinə sistematik yanaşma kimi mövzular barədə iştirakçılara məlumat veriblər.

Ukraynalı məruzəçilər elektrik enerjisi bazarı şəraitində UENDM fəaliyyətinə normativ-hüquqi dəstək, istilik təchizatı sahəsində, həmçinin elektrik stansiyalarının və şəbəkələrinin istismarı üzrə dövlət nəzarətinin təşkili, ölkənin istilik təchizatı sahəsində dövlət nəzarətinin təşkili, dövlət enerji nəzarətinin enerji təchizatının keyfiyyət göstəricilərinin müəyyən edilməsində iştirakı və enerji sistemlərindəki qəzaların araşdırılması kimi mövzulara toxunaraq, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Sonda qurum rəhbərləri görüşün hər iki ölkənin qurumları arasında qarşılıqlı və faydalı əməkdaşlığın əsaslarını qoyacağını vurğulayıblar.