EMTA 2021-ci ilin 2-ci rübü üçün vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

 2021-ci ilin ikinci rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı EMTA-ya bilavasitə və Energetika Nazirliyindən 1714 müraciət daxil olub.

  • Elektrik enerjisi təchizatı ilə bağlı 79-u məlumat üçün olmaqla, cəmi 1349 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 258 müraciət və ya 24 faiz çoxdur;

  • Təbii qaz təchizatı ilə bağlı 12-si məlumat üçün olmaqla, cəmi 171 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 170 müraciət və ya 49,8 faiz azdır;

  • İstilik təchizatı ilə bağlı 1-i  məlumat üçün olmaqla, cəmi 10 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 12 müraciət və ya 54,5 faiz azdır;

  • Digər məsələlərlə bağlı 43-ü məlumat üçün olmaqla, cəmi 184 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 74 müraciət və ya 29 faiz azdır.

1714 müraciətdən:

  • 1103 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 15 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

  • 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;

  • 474 müraciət hazırda baxılma prosesindədir;

  • 135 məlumat xarakterli müraciətdən 33-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

  • 2021-ci ilin 2-ci rübü ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən  tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına verilmiş istismara buraxılış aktlarının sayı 1-ci rüb ilə müqayisədə 85% artaraq 63 akt təşkil edib;

  • Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı 1-ci rüb ilə müqayisədə 47 faiz artaraq 72 layihə təşkil edib;

  • 2-ci rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 16, qaz qurğularına aid 19 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

  • 2-ci rübdə 26 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub;

  • 2-ci rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı 1-ci rüb ilə müqayisədə 35 faiz azalıb və 162 icazə təşkil edib; 

  • 2-ci rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 1-ci rüb ilə müqayisədə 11 faiz azalıb və 828 tikinti obyekti təşkil edib;

  • 2-ci rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

  • 2-ci rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı 22,5 faiz artaraq 49-a, protokollar üzrə qəbul edilən qərarların sayı isə 59 faiz artaraq 81-ə çatıb.

 

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

  • Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı 1-ci rüb ilə müqayisədə 13,5 faiz artaraq 42-yə çatıb;  

  • 2-ci rübdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı 1-ci rüb ilə müqayisədə 7,8 faiz artaraq 41-ə çatıb;  

 

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

  • Peşə biliklərinin yoxlanılması üçün müraciət edən müəssisə və təşkilatların sayı 1-ci rüb ilə müqayisədə artıb. 2-ci rübdə Agentliyə müraciət edən müəssisələrin sayı 67 faiz artaraq 40 müəssisə təşkil edib, həmin müraciətlər əsasında əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılan elektrik təsərrüfatına cavabdeh şəxs və təhlükəsizlik texnikası üzrə mühəndislərin sayı 29 faiz artaraq 190 nəfərə çatıb. Bundan başqa, Agentlik tərəfindən biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

 

TEXNİKİ ŞURALAR

  • 2-ci rübdə Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara edilmiş müraciətlərin sayı 1-ci rüb ilə müqayisədə 34,5 faiz artaraq 732 müraciət təşkil edib. Müraciətlərin hamısı müsbət həll edilib.

  • Müraciətlərə Bakıda və regionlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərində və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.