Elektrik enerjisi ilə təchizatın sadələşdirilməsi məqsədilə yaradılmış Texniki Şuranın növbəti iclası keçirilib

16 avqust 2019-cu il tarixində 1 saylı “Asan Kommunal” mərkəzində sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi məqsədilə yaradılmış Texniki Şuranın tərkib heyətinin növbəti iclası keçirilib. İclasda 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt “ASAN xidmət” və Gəncə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən texniki şuraların üzvləri iştirak ediblər.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) “Enerji tənzimləmə və monitorinq” departamentinin direktoru Pərviz Əliyev iclası giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə energetika sahəsində əldə olunan uğurlu nailiyyətlərdən söz açıb, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırıb. Eyni zamanda, iclasda gündəlikdə duran məsələlər müzakirə olunub və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli, 1313 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində bir sıra qərarlar qəbul edilib.  

Bundan əlavə, iclasda Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun əmri ilə yaradılmış texniki şuraların fəaliyyətinin təşkil olunması istiqamətində müzakirələr aparılıb və müvafiq göstərişlər verilib. Daha sonra Texniki Şuranın üzvlərinə ayrı-ayrılıqda söz verilib və gündəlikdəki məsələlərə dair təkliflər dinlənilib.