Azərbaycan və Ukrayna enerji tənzimləyiciləri arasında görüş olub

Noyabrın 16-da Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə (EMTA) Agentliyi və Ukraynanın Milli Enerji və Kommunal Tənzimləmə Komissiyası (NEURC) arasında görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan NEURC-in üzvü Olga Babiy təmsil etdiyi qurumun enerji bazarının tənzimlənməsi və lisenziyaların verilməsi sahələrində çox böyük təcrübəyə malik olduğunu söyləyərək, Azərbaycanın enerji tənzimləyicisi ilə təcrübələrini bölüşməyə və enerji tənzimləmə sahəsinin müxtəlif istiqamətləri üzrə gələcək əməkdaşlığa hazır olduqlarını dilə gətirib.

Daha sonra çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Ukraynada enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə maraq göstərdiklərini, həmin təcrübənin öyrənilməsinin faydalı olacağını bildirib.

NEURC-in Lisenziyalaşdırma idarəsinin müdiri Yuriy Antonyuk fəaliyyət göstərmələri üçün elektrik şəbəkəsi istifadəçilərinə lisenziyaların verilməsi qaydalarından bəhs edən təqdimatla çıxış edib. O, qeyd edib ki, Ukraynada enerji tənzimləyicisinin əsas vəzifələrindən biri Avropa standartlarına uyğun olaraq lisenziyaların verilməsinin sadələşdirilməsi, həmçinin lisenziyalaşdırma prosesində çərçivə sənədin tətbiq olunmasıdır. Bundan başqa Antonyuk elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrlərin qiymətləndirilməsi və icazələrin növləri barədə ətraflı məlumat verib.

NEURC-in Energetika sahəsində münasibətlərin tənzimləməsi üzrə idarəsinin direktorunun müavini Yuriy Ostapyuk investisiyaların planlaşdırılması, təsdiqi və monitorinqi qaydaları (investisiya proqramı) barədə məlumat verdikdən sonra bu istiqamətdə görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparılıb.

Yuri Ostapyuk kommunal ödənişi təşkil edən komponentlərdən, həmçinin istehlakçıların şəbəkəyə ilkin qoşulmasının proseduru və mərhələlərindən danışdıqdan sonra, görüş sual-cavab sessiyası ilə davam edib.

Görüş zamanı enerji tənzimləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunub, əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib.

EMTA haqqında

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Prezidentin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılan Agentlik, Azərbaycanın Energetika Nazirliyi tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir.

NEURC haqqında

İndiki adı Ukraynanın Milli Enerji və Kommunal Tənzimləmə Komissiyası (NEURC) olan Ukraynanın Milli Elektrik Enerjisi Tənzimləmə Komissiyası (NERC) 1994-cü ilin dekabrında ölkə Prezidenti tərəfindən yaradılıb. Komissiya ölkədə elektrik, istilik, qaz, neft və neft məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi, enerji sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə lisenziyaların verilməsi, enerji sektorunda, neft-qaz kompleksində və istilik istehsalı sahəsində qiymət siyasətinin həyata keçirilməsini təmin edir, elektrik enerjisinin pərakəndə satışı bazarında münasibətləri tənzimləyir.