Ofgem və EMTA mütəxəssisləri arasında məsləhətləşmələr keçirilib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Böyük Britaniyanın tənzimləyici qurumu Ofgem və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) mütəxəssisləri  arasında enerji tənzimləmə sahəsində bir sıra mövzulara dair məsləhətləşmələr keçirilib.

EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov giriş sözü ilə çıxış etdikdən sonra Texniki normativ tənzimləmə şöbəsinin əməkdaşı Mirməhəmmədəli Aslanov Azərbaycanda paylayıcı elektrik şəbəkəsinə ümumi baxış və paylayıcı şəbəkə operatorundan paylayıcı sistem operatoruna keçid mövzusunda təqdimatla çıxış edib.

Ofgem-in Paylayıcı elektrik şəbəkəsi operatoru və bütöv sistem koordinasiyasının rəhbəri Luiz van Rensburq Böyük Britaniyanın paylayıcı sistemi barədə ümumi məlumat verərək bildirib ki, Ofgem-in prioritet məsələlərindən biri də sürətlə rəqəmsallaşaraq inkişaf edən ölkənin paylayıcı şəbəkə operatorudur.

Xanım Rensburq son illərdə Böyük Britaniyanın paylayıcı sistem operatorunun daha reaktiv olduğunu və mərkəzləşdirilməmiş enerji sisteminə keçdiyini vurğulayıb. O, çevik həllər haqqında danışaraq paylayıcı şəbəkəyə qoşulmuş “xalis sıfır” emissiyalı generasiya mənbələrinin elektrik şəbəkəsində baş verən dəyişikliklərə çevik surətdə cavab verməsinin vacibliyini qeyd edib.

Eyni zamanda, o, sistem operatorlarının yeni həllər və yeni texnologiyalar tətbiq etməklə öz şəbəkələrini fəal şəkildə idarə etmələrinin və bir-birləri ilə əlaqələndirmənin gücləndirilməsinin önəmli olduğuna da diqqət çəkib.

Ofgem-in eksperti, köməkçi mühəndis Shaylen Şah görüş iştirakçılarına Böyük Britaniyanın Şəbəkə Məcəlləsinin tarixi və icmalı haqqında məlumat verib, Şəbəkə Məcəlləsinin tənzimlənməsi və panelləri, şəbəkə təhlükəsizliyindən danışıb.

Agentliyin Enerji səmərəliliyi və investisiyalar şöbəsinin əməkdaşı Daşqın Həsənli Azərbaycanda Şəbəkə Məcəlləsinin hazırlanması, mövcud şəbəkə tənzimlənməsi, hazırda üzərində iş gedən qaydalar və qanunlar, eləcə də Agentliyin Şəbəkə Məcəlləsində müəyyən edilmiş hüquq və vəzifələri barədə geniş məlumat verib.

Ofgem-in baş mühəndisi Martin Quin Böyük Britaniyada ən böyük problemlərdən birinin Şəbəkə Məcəlləsi ilə uyğunluq məsələlərinə az riayət olunmasına və təchizatın təhlükəsizliyinə daha çox diqqət ayrılmalı olduğunu qeyd edib.  Məsləhətləşmələr dinamik və interaktiv sual-cavab sessiyası ilə davam edib.

Növbəti görüşdə iki tənzimləyici qurumun ekspertləri Böyük Britaniyada enerjinin liberallaşdırılması və istehsal ilə ötürülmənin ayrılma prosesi haqqında təcrübə mübadiləsi aparacaqlar.