EMTA-nın noyabr ayı üzrə vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

Noyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 551 müraciət daxil olub.

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 22-si məlumat üçün olmaqla cəmi 416 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 76 müraciət;

İstilik təchizatı ilə bağlı cəmi 11 müraciət;

6-sı məlumat üçün olmaqla cəmi 48 müraciət isə digər məsələlərlə bağlı olub.

551 müraciətdən:

219 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (8 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;

294 müraciət hazırda baxılma prosesindədir;

36 məlumat xarakterli müraciətdən 11-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 19 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 8 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

68 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 356 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 13 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Elektrik enerjisi şəbəkəsinə və qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan, hər bir hal üzrə 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentlik tərəfindən 5 inzibati xəta haqqında protokol tərtib edilib və 24 inzibati tənbeh vermə haqqında qərar çıxarılıb.

DÖVLƏT İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARINDA TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 13 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə  11 texniki yoxlama aparılıb.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentliyə müraciət edən  12 müəssisədə  67 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 239 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.