EMTA və “Ofgem” mütəxəssisləri arasında növbəti məsləhətləşmələr keçirilib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) və Böyük Britaniyanın tənzimləyici qurumu “Ofgem”in mütəxəssisləri  arasında enerji tənzimləmə sahəsində elektrik enerjisi bazarının liberallaşdırılmasına və sektorlar üzrə komponentlərin bir-birindən ayrılmasına dair növbəti məsləhətləşmələr  keçirilib.

Azərbaycanın elektrik enerjisi sektorunda liberallaşdırılmaya dair ilkin təqdimatla çıxış edən EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin mütəxəssisi Elçin Mirzəyev Azərbaycanda elektroenergetikanın inkişaf tarixinə dair geniş icmal verərək elektrik enerji bazarının mövcud vəziyyəti və ötən dövr ərzində bu sahədə görülmüş işləri diqqətə çatdırıb.

“Ofgem”in İnvestorlarla əlaqələr üzrə baş meneceri Aidan Stringfello Böyük Britaniyanın elektrik enerjisi bazarının liberallaşdırılması və sektorlar üzrə komponentlərin bir-birindən ayrılması tarixi, eləcə də enerji siyasətinin inkişafının əsas mərhələləri barədə məlumat verərək “Ofgem”in istehlakçı maraqlarının qorunmasında və rəqabətin təşviq edilməsindəki rolundan danışıb.

“Ofgem”in Strategiya və karbonsuzlaşdırma üzrə direktor müavini Eleanor Vud elektrik enerjisi istehsalının ötürücü şəbəkədən ayrılması tarixindən danışaraq topdansatış bazarlarında rəqabətin tarif tənzimləməsi və əlverişli investisiya mühiti yaradılması kimi tədbirlər vasitəsilə təşviq edildiyini vurğulayıb.

“Ofgem”in Pərakəndə bazar siyasəti şöbəsinin rəhbəri Megna Tevari  isə pərakəndə bazarda təchizatçı və istehlakçı münasibətlərində, eləcə də tarif tənzimlənməsində “Ofgem”in həyata keçirdiyi siyasəti diqqətə çatdırıb. M.Tevari bildirib ki, bazarda qiymətlər əlçatan olmalı və həssas istehlakçı qrupları nəzərə alınmalıdır.

Məsləhətləşmələr interaktiv sual-cavab sessiyası ilə davam edib.