AERA 2021-ci il üzrə vətəndaş müraciətlərinə, istismara buraxılış aktı və icazələrə, layihə razılaşdırılmasına və Texniki Şuralara dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

2021-ci il üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 6893 müraciət daxil olub.

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 320 məlumat üçün olmaqla cəmi 5253 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 84-ü məlumat üçün olmaqla cəmi 905 müraciət;

İstilik təchizatı ilə bağlı 6-sı məlumat üçün olmaqla cəmi 66 müraciət;

193-ü məlumat üçün olmaqla cəmi 669 müraciət isə digər məsələlərlə bağlı olub.

6893 müraciətdən:

5939 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (66 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

14 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 

337 müraciət hazırda baxılma prosesindədir;

603 məlumat xarakterli müraciətdən 171-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 212 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 254 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 65 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

702 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Qaztəchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 3521 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 113 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 15, qazpaylayıcı şəbəkəyə isə texniki sənədləşdirmə aparılmadan 10 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 73 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentlik tərəfindən 298 inzibati xəta haqqında protokol tərtib edilib və 186 ədəd tənbeh vermə haqqında qərar çıxarılıb.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 152 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə  152 texniki yoxlama aparılıb.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentlik tərəfindən hesabat dövrü ərzində 133 müəssisədə  588 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 2748 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.