Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Lisenziyalaşdırma və Rəqabət və Tarif və Qiymət Komitələrinin iclası keçirilib

Sentyabrın 25-26-da Latviyanın paytaxtı Riqada Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 18-ci illik konfransı çərçivəsində ERRA-nın Lisenziyalaşdırma və Rəqabət, həmçinin Tarif və Qiymətqoyma Komitələrinin iclasları keçirilib.

Əvvəlcə Tarif və Qiymətqoyma Komitəsinin iclası baş tutub.

ERRA-nın Tarif və Qiymət Komitəsinin sədri Andriyana Nelkova-Çuçuk, Şimali Makedoniyanın Enerji və Su Xidmətləri Tənzimləmə Komissiyasının üzvü yeni komitə üzvlərini və digər qonaqları salamlayıb.

Seçilmiş ERRA üzvü olan təşkilatların Transmissiya Sistemi Operatorları və Ödənişsiz Satış Günləri üzrə gəlirləri müəyyən edən faktorlara yönəlik tənzimləmə yanaşmaları haqqında araşdırmanın yeni məlumatları paylaşılıb.  Bu araşdırmanı ERRA-nın Tarif və Qiymət Komitəsinin sədri Andriyana Nelkova-Çuçuk və ERRA-nın Tənzimləmə üzrə Tədqiqatçısı Kacper Yarosz təqdim ediblər. ERRA-nın Tənzimləmə üzrə mütəxəssisi Ardian Berişa yeni tarif verilənləri bazası toplusuna dair yeni məlumatları təqdim edib. Daha sonra dəyirmi masa ətrafında tarif və qiymətqoyma haqqında yeniliklərə dair komitə üzvləri tərəfindən müzakirələr aparılıb. Seçilmiş komitə üzvləri, o cümlədən Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İqtisadi Təhlil, Tarif və Statistika şöbəsinin Tarif sektorunun müdiri Rəşad Qasımov  tarif və qiymətqoyma sahəsində inkişafa dair çıxış ediblər.

Lisenziyalaşdırma və Rəqabət komitəsinin iclasında Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Hüquqi Təminat və Təhlil şöbəsnin müdiri Fariz Şirinov təmsil edib. İclasda Macarıstan Enerji və Kommunal Tənzimləmə Təşkilatı Elektrik idarəsinin baş məsləhətçisi Attila Bakonyi Avropa İttifaqı Şəbəkə Kodlarının tətbiqi və Avropa İttifaqı üzvü olmayan ölkələrdə şəbəkə qaydalarına uyğunlaşma ehtiyacı haqqında araşdırmaya dair çıxış edib. Daha sonra  Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının Enerji üzrə Eksperti Abdul Cebbar Karaoğlu “Bazara uyğun bərpaolunan enerji mənbələrinə dəstək sxemlərinin hazırlanması və həyata keçirilməsi” adlı mövzuya dair Türkiyədə aparılmış araşdırmanı komitə üzvlərinə təqdim edib. Damlarda quraşdırılmış günəş enerjisi toplayan panellər, fərqli biznes modelləri, ölkə təcrübələri və ən yaxşı təcrübələr mövzusunda Kosovonun Enerji Tənzimləmə Ofisinin hüquq və lizenziyalaşdırma departamentinin rəhbəri Afrim Ajvazi, həmçinin ABŞ-ın Kommunal xidmətlər üzrə Tənzimləmə Müvəkillər Milli Assosiasiyasının vitse-prezidenti Paul Kjellander təqdimatlarla çıxış ediblər. İclas vətəndaşların enerji icmaları, Estoniya Rəqabət Qurumu və İrlandiyanın Kommunal Tənzimləmə Komissiyası arasında yaradılmış xüsusi Tvinninq layihəsinin təqdimatı, “yaşıl” sertifikatlar bazarı və Avropa İttifaqının yeni enerji bazarının yaradılması məsələlərinin müzakirəsi ilə başa çatıb.