AERA 2022-ci ilin avqust ayı üzrə əsas fəaliyyət istiqamətlərinə dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

2022-ci ilin avqust ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 568 müraciət daxil olub.

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 29-u məlumat üçün olmaqla cəmi 486 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 4-ü məlumat üçün olmaqla cəmi 67 müraciət;

İstilik təchizatı ilə bağlı 1 müraciət;

14 müraciət isə digər məsələlərlə bağlı olub.

568 müraciətdən:

271 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib);

4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 

260 müraciət hazırda baxılma prosesindədir;

33 məlumat xarakterli müraciətdən 19-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

ELEKTRİK ENERJİSİ VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 18 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

31 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 28 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

 

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ KEÇİRİLƏN NƏZARƏT TƏDBİRLƏRİ

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 62 nəzarət tədbiri keçirilib;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 48 nəzarət tədbiri keçirilib.

 

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentlik tərəfindən hesabat dövrü ərzində 14 müəssisədə 33 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

 

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 261 müraciət qəbul edilərək icra edilib.