EMTA nümayəndəsi Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Budapeştdə keçirilən seminarına qatılıb

Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (Energy Regulators Regional Association, ERRA) və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosiasiyanın (National Association of Regulatory Utility Commissioners, NARUC) təşkilatçılığı ilə keçirilən enerji tənzimləyicilərinin5-ci texniki seminarı Budapeştdə öz işinə başlayıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sponsorluğu ilə 4-5 aprel tarixlərində təşkil edilmiş ikigünlük seminarın ilk günündə “Qaz infrastrukturu layihələrinin xərcləri və gəlirlərinin təhlili: analitik üsullar və alətlər” mövzusunda diskussiyaların keçirilməsi, ikinci günündə isə gündəlikdəki mövzulara dair fərqli tapşırıqların icrası nəzərdə tutulub.

Müzakirələr zamanı tənzimləyici qurumların qaz infrastrukturu layihələrinin xərcləri və gəlirlərinin təhlillərinə dair təcrübələrinə həsr olunmuş fərqli təqdimatlar və tematik araşdırmalar nümayiş etdirilir, müxtəlif ölkələrin tənzimləyici qurumlarının, ötürücü sistem operatorunun təcrübəsi öyrənilir. 

Macarıstan paytaxtında keçirilən tədbirdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvü olan Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi nümayəndəsi də iştirak edir. Nümayəndələr xərclərin və gəlirlərin təhlili mexanizminin əhəmiyyəti barədə praktik biliklər əldə edir, interaktiv məşğələlərdə iştirak edirlər. Beləliklə, tənzimləyicilər investisiya layihələrinin qiymətləndirilməsi sahəsində müvafiq təcrübəyə yiyələnərək bu mexanizmdən istifadə metodologiyasını öyrənmiş olurlar.