AYİB-in dəstəyi ilə “Bərpaolunan enerji mənbələri” mövzusunda seminar keçirilib

Bakı Biznes Mərkəzində “Bərpaolunan enerji mənbələri” mövzusunda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ekspertləri üçün seminar keçirilib. Tədbir Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində baş tutub.  

Seminarı giriş sözü ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) İdarə Heyətinin sədri Samir Axundov açıb. Cənab Axundov “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında“  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamının əhəmiyyətindən bəhs edərək ondan irəli gələn tapşırıqların icrasına dair məlumat verdi.

Daha sonra DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton müvafiq sahələrdə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması prosesindən məmnun qaldığını söylədi. Xanım Levinqton və AERA İdarə Heyətinin sədri Samir Axundov “Azərbaycanda bərpaolunan enerjiyə dair hüquqi çərçivə – xülasə” adlı mövzuda danışdılar.  

İlka Levinqton “Bərpaolunan enerji sahəsində tənzimləyicinin roluna giriş” adlı təqdimatla çıxış edib. O, bərpaolunan enerji mənbələrini (BOEM) təmin edən hüquqi çərçivənin mahiyyəti, həmçinin tənzimləyicinin vəzifələri barədə seminar iştirakçılarına məlumat verib. Xanım Levinqton bildirib ki, tənzimləyicinin vəzifələri dəstək sisteminin/səviyyəsinin müəyyən edilməsi və ya təmin edilməsi, dəstək sisteminin maliyyələşdirilməsi, sistemə və bazara inteqrasiya üçün şəraitin təmin edilməsi, habelə kiçikmiqyaslı bərpaolunan enerji təchizatı üçün şəraitin təmin edilməsindən ibarətdir. Bərpaolunan enerji sahəsində hərraclara dəstək mexanizmi adlı təqdimatla AYİB-in London ofisinin nümayəndəsi xanım İzabel Blanko çıxış edib. Mövzunun davamı olaraq, baş ofisi Braziliyada yerləşən Synergy şirkətinin nümayəndəsi Arpan Nalvaya iştirakçılara şirkətin müxtəlif ölkələrdə keçirdiyi uğurlu hərraclar barədə ətraflı məlumat verib. 

Daha sonra DNV GL şirkətinin məsləhətçisi Kristian Heviker sistemə inteqrasiya üçün şəraitin yaradılması, irimiqyaslı obyektlər haqqında təqdimatla çıxış edib.  Seminar zamanı bərpaolunan enerji mənbələrinə aid problemlərin müəyyən edilməsi tapşırığı üzrə interaktiv və qrup şəklində müzakirələr olub. Seminar iştirakçıları kiçikmiqyaslı bərpaolunan enerji obyektləri və bazara inteqrasiya üçün şəraitin yaradılması haqqında təqdimatları dinləyiblər. DNV GL şirkətinin məsləhətçilər Tim Menner və İlka Levinqton dəstək sistemləri və tənzimləyicinin rolu – ümumi və beynəlxalq nümunələr mövzusuna toxunublar.  “Azərbaycanda bərpaolunan enerjiyə dair hərracların keçirilməsinə dəstək” layihəsi üzrə Məsləhətçi şirkətin nümayəndəsi çıxış edib. Tədbir AYİB-in qeydləri ilə başa çatıb.