Enerji sektorunda tənzimləmə haqqında təlim keçirilib

03 aprel 2019-cu ildə Bakı Biznes Mərkəzində Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. Azərbaycan Respublikası Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun ikinci görüşü çərçivəsində enerji sektorunda tənzimləmə haqqında təlimlərdən ibarət sessiyalar təşkil edilib.

Diskussiya şəraitində keçən təlimlər “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz və istilik) inkişafına dair Strateji Yol Xəritəsi”nin mərhələlər üzrə həyata keçirilməsi, Avropa İttifaqı ölkələrində tənzimləyicilərin fəaliyyəti və bu sahədəki qanunvericiliklə bağlı təcrübənin öyrənilməsi, energetika sahəsində tənzimləyicinin gündəlik işinə dair nümunələrin göstərilməsi və maraqlı təqdimatlarla yadda qaldı. Almaniya və Ukraynadan olan ekspertlərin energetika sahəsindəki tənzimləyicilərin ölkələrindəki fəaliyyətləri zamanı yaşanmış təcrübələr barədə geniş məruzələri maraqla dinlənildi. İnteraktiv müzakirələrdən sonra iştirakçılara əldə etdikləri praktik biliklər və onların Azərbaycanda tətbiqi perspektivləri barədə anket formaları təqdim edildi. Aprel ayının 30-da keçirilməsi nəzərdə tutulan növbəti görüşün gündəliyi haqqında qısa məlumat verildi.   

Xatırladaq ki, Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupu “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış enerji üzrə tənzimləyici orqanın fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların hazırlanması və tətbiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində işlərin həyata keçirilməsi məqsədilə yaradılmışdır. DNV GL şirkətinin icraçısı olduğu Layihə “Energetika və kommunal xidmətlər sahəsində Tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanununun işlənib-hazırlanmasını nəzərdə tutur. 

DNV GL risklərin qiymətləndirilməsi, konsaltinqi və menecmenti sahəsində sertifikasiya və ixtisaslaşma üzrə beynəlxalq bir cəmiyyətdir. Şirkət 2013-cü ildə Norveçin "Det Norske” və Almaniyanın “Germanischer Lloyd” şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. Şirkətin əsas fəaliyyət sahələri bərpa olunan, alternativ və ənənəvi enerji mənbələri, eləcə də neft və qaz sahəsidir.