Enerji Tənzimlənməsi üzrə İşçi Qrupunun növbəti görüşü olub

“Holiday Inn Baku” otelində Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Azərbaycan Respublikası Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun 30 aprel 2019-cu il tarixində təşkil edilmiş üçüncü görüşü çərçivəsində enerji sektorunda tənzimləmə funksiyası, tarif tənzimlənməsi, gəlirlər və subsidiyalar, icazələr və lisenziyaların verilməsinə dair qanunvericiliyin tələbləri, həmçinin bazara nəzarət haqqında müxtəlif təqdimatlar dinlənilib.

Görüş zamanı əcnəbi ekspertlər tərəfindən təqdim edilən “İstehlakçıların hüquqlarının qorunması və münaqişələrin həll olunması” təcrübəsi öyrənilib. “Enerji və kommunal xidmətlərin tənzimlənməsi üzrə” Qanun layihəsinin aktiv müzakirəsinə qatılan iştirakçılar bu sahəyə dair fikir və mülahizələrini bölüşüblər. Görüş iştirakçıları tarifin müəyyən edilməsi üzrə interaktiv çalışmaya qatılaraq istismar və texniki xidmət, yanacaq xətti, habelə kapital xərclərinə dair fərqli tapşırıqları yerinə yetirməklə dəyərləndirmələr aparmış, müvafiq təhlillər etmişlər. İnteraktiv surətdə keçən və müxtəlif sessiyalardan ibarət olan görüş müzakirə şəraitində keçib.   

Xatırladaq ki, Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupu “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış enerji üzrə tənzimləyici orqanın fəaliyyəti üzrə tələb olunan hüquqi və institusional islahatların hazırlanması və tətbiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində işlərin həyata keçirilməsi məqsədilə yaradılmışdır. DNV GL şirkətinin icraçısı olduğu Layihə “Energetika və kommunal xidmətlər sahəsində Tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanununun işlənib-hazırlanmasını nəzərdə tutur. 

DNV GL risklərin qiymətləndirilməsi, konsaltinqi və menecmenti sahəsində sertifikasiya və ixtisaslaşma üzrə beynəlxalq bir cəmiyyətdir. Şirkət 2013-cü ildə Norveçin "Det Norske” və Almaniyanın “Germanischer Lloyd” şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. Şirkətin əsas fəaliyyət sahələri bərpa olunan, alternativ və ənənəvi enerji mənbələri, eləcə də neft və qaz sahəsidir.