Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 424 sayda araşdırma aparılıb

2020-ci ilin ilk 4 ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 424 sayda araşdırma aparılıb.

Elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 214 texniki araşdırma aparılıb, müxtəlif tikinti obyektlərinə 49 istismara buraxılış aktı verilib, 81 layihə sənədləri ekspertizadan keçirilib və qeydiyyata alınıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 26 layihə sənədinin  isə razılaşdırılmasından imtina edilib.

Eyni zamanda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin Azərbaycan Respublikasının qanunlarının, “Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 210 obyektdə texniki yoxlama keçirilib, müxtəlif tikinti obyektlərində sənaye qaz qurğularının istismarına 203 icazə verilib, 1293 layihə sənədi ekspertizadan keçirilib və qeydiyyata alınıb.  Aşkar edilmiş çatışmazlıqlara görə 24 sayda layihə sənədinin isə razılaşdırılmasından imtina olunub.

Araşdırmalar zamanı aşkar olunmuş pozuntulara görə müvafiq aktlar tərtib edilib və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan müvafiq göstərişlər verilib.

Həmçinin, Agentlik tərəfindən 3 obyektin elektrik qurğu və avadanlıqlarının “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib. Qazpaylayıcı şəbəkəyə isə 2 qanunsuz qoşulma faktı qeydə alınıb.

Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisi təchizatı sahəsində yol verilmiş pozuntularla bağlı 6, qaz təchizatı sahəsində 24 protokol tərtib edilib.

İlk 4 ayda “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.

Eyni zamanda, istehlakçıların müraciəti əsasında 43 müəssisədə 252 nəfərlik elektrotexniki heyətin əməyin mühafizəsi, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyinə dair biliyi yoxlanılıb.